Tədbirin məqsədi Azərbaycanın şanlı qələbəsini, şəhidlərimizin xatirəsini yad etmək olub.
Tədbiri giriş sözü ilə açan İctimaiyyətlə əlaqələr və marketinq üzrə baş mütəxəssis Səbinə Ağasıyeva Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. O, çıxış edərək bildirib ki, Zəfər Günü azadlığımızı, birliyimizi və möhkəm iradəmizi qeyd etdiyimiz gündür. Bu qələbə yalnız döyüş meydanında deyil, xalqımızın fədakarlığı, mərhəməti və inamı ilə qazanılıb.
Çıxışın ardınca ötən il TƏBİB tərəfindən hazırlanan “Şəfa Cəbhəsi” filmindən görüntülər nümayiş etdirilib. Film Vətən müharibəsi dövründə ön və arxa cəbhədə fədakarlıqla çalışan həkimlərin, tibb bacılarının və könüllülərin qəhrəmanlığını əks etdirib.
Tədbir zamanı həmçinin müharibə dövründə könüllü xidmət göstərmiş tibb işçilərinin adları səsləndirilib və onların əməyinə dərin minnətdarlıq bildirilib.
Daha sonra klinikanın həkimləri – Nevroloq Aytən Mürsəlova və Endokrinoloq Tural İbrahimov ixtisasları üzrə təqdimatla çıxış ediblər. Mütəxəssislər sinir sistemi və endokrin xəstəliklərinin müalicəsi istiqamətində yeni yanaşmalar, həmçinin xəstələrin sağlamlığının qorunmasında fərdi yanaşmanın əhəmiyyəti barədə danışıblar.
Sonda tədbir iştirakçıları Zəfər Gününü Azərbaycan xalqının birliyi, qətiyyəti və sağlam gələcəyə inamının simvolu kimi dəyərləndiriblər.