Pediatriya bölməsi uşaq xəstəlikləri və sağlamlığı

Pediatriya (uşaq xəstəlikləri və sağlamlığı) - doğumdan yeniyetməlik dövrünə qədər olan müddətdə uşaqların fiziki, zehni və emosional inkişafını izləyən, qarşılaşdıqları sağlamlıq problemlərinin diaqnostikasını və müalicəsini həyata keçirən, eyni zamanda profilaktik tədbirlərin təşkili və sağlam həyat tərzi vərdişlərinin aşılanması istiqamətində yol göstərən geniş spektrli tibbi ixtisas sahəsidir.

Uşaq xəstəlikləri üzrə mütəxəssis (pediatr)-yenidoğulmuşların baxımı, peyvənd təqviminin izlənməsi, böyümə və inkişafın qiymətləndirilməsi, infeksion xəstəliklər, allergik reaksiyalar, həzm sistemi pozğunluqları və xroniki xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olur.

Pediatriya (Uşaq Xəstəlikləri) Nədir?

Pediatriya digər adı ilə uşaq xəstəlikləri-doğumdan yeniyetməlik dövrünün sonuna qədər olan müddətdə uşaqlarda rast gəlinən sağlamlıq problemlərinin diaqnostikasını, müalicəsini və profilaktikasını həyata keçirən tibbi sahədir.

Pediatrlar uşağın fiziki, zehni və sosial inkişafını mütəmadi olaraq izləyir, mümkün sağlamlıq risklərini erkən mərhələdə müəyyənləşdirir və uşaqların sağlam həyat sürməsini təmin etməyə çalışırlar. Eyni zamanda, valideynlərə uşaq sağlamlığı ilə bağlı maarifləndirici dəstək göstərərək şüurlu valideynlik prinsiplərinin formalaşmasına yardım edirlər.

Uşaq xəstəlikləri bölməsi aşağıdakı alt ixtisas sahələri ilə dəstəklənir

  • Uşaq Allergiyası
  • Uşaq Cərrahiyyəsi
  • Uşaq Endokrinologiyası
  • Uşaq İnfeksion Xəstəlikləri
  • Uşaq Qastroenterologiyası
  • Uşaq Hematologiyası
  • Uşaq Ürək və Damar Cərrahiyyəsi
  • Uşaq Kardiologiyası
  • Uşaq Nefrologiyası
  • Uşaq Ortopediyası
  • Uşaq və Yeniyetmə Psixi Sağlamlıq

Pediatriya Hansı Xəstəliklərlə Məşğul Olur?

Pediatriya, uşaqlarda rast gəlinən sağlamlıq problemlərinin geniş spektrini əhatə edən bir  tibbi ixtisas sahəsidir. Yuxarı və aşağı tənəffüs yolları infeksiyaları, qızdırmalı xəstəliklər, həzm sistemi pozğunluqları, allergik xəstəliklər, astma və digər tənəffüs sistemi narahatlıqları, sidik yolları infeksiyaları, yoluxucu xəstəliklər, dəri problemləri, böyümə və inkişaf geriliyi kimi bir çox müxtəlif vəziyyətlər pediatriya sahəsinin araşdırma və müalicə obyektidir. Bundan əlavə, uşaqlara yönəlik profilaktik sağlamlıq xidmətləri və peyvənd tətbiqləri də pediatrların əsas vəzifələrindəndir.

Pediatriya bölməsində qiymətləndirilən əsas xəstəliklər bunlardır:

  • Qızılca
  • Suçiçəyi
  • Epidemik parotit
  • Göyöskürək
  • Bronxiolit
  • Pnevmoniya
  • Orta qulaq iltihabı (Otitis media)
  • Yuxarı tənəffüs yolu infeksiyaları
  • Rotavirus infeksiyası
  • Qastroenterit (ishal)
  • Astma və allergik xəstəliklər
  • Anemiya (qanazlığı)
  • Şəkərli diabet (I tip)
  • Piylənmə

Yuxarı və Aşağı Tənəffüs Yolları İnfeksiyaları

Uşaqlarda yuxarı və aşağı tənəffüs yolları infeksiyalarına soyuqdəymə, qrip, bronxit və pnevmoniya kimi xəstəliklər daxildir və bu xəstəliklər xüsusilə mövsüm keçidlərində tez-tez müşahidə olunur. Bu infeksiyalar adətən virus və ya bakteriya mənşəli olub, öskürək, burun axıntısı, hərarət və halsızlıq kimi əlamətlərlə özünü büruzə verir. Müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola biləcəyindən, erkən diaqnoz və düzgün müalicə olduqca vacibdir.

Qızdırmalı Xəstəliklər

Uşaqlıq dövründə rast gəlinən qızdırmalı xəstəliklərə adətən qrip, qızılca, epidemik parotit, suçiçəyi, boğaz infeksiyaları və qastroenterit kimi virus və ya bakteriya mənşəli infeksiyalar daxildir. Bu xəstəliklər qızdırma ilə müşayiət olunur və əksər hallarda müalicə edilə bilən sağlamlıq problemləridir.Qızdırmanın davametmə müddəti, intensivliyi və müşayiət edən digər əlamətlər xəstəliyin xarakterini müəyyənləşdirmək baxımından önəmlidir. Uşaqlarda yüksək hərarət müşahidə edildikdə tez bir zamanda müdaxilə edilməli və səbəb olan əsas amil araşdırılmalıdır.

İshal və Həzm Sistemi Pozğunluqları

İshal, uşaqlarda tez-tez rast gəlinən və əsasən infeksiyalarla əlaqəli olan bir həzm sistemi pozğunluğudur. Gigiyena qaydalarına əməl edilməməsi, çirkli suyun qəbulu və ya qida zəhərlənmələri kimi səbəblər ishalın yaranmasına səbəb ola bilər. İshal ilə yanaşı qarın ağrısı, qusma və iştahsızlıq kimi əlamətlər də müşahidə oluna bilər. Belə hallarda maye itkisinə yol verilməməsi və uyğun qidalanmanın təmin edilməsi böyük əhəmiyyət daşıyır.

Uşaqlarda Allergik Xəstəliklər

Uşaqlarda allergik xəstəliklər sırasına qida allergiyaları, ekzema, allergik rinit və bronxial astma kimi hallar daxildir. Allergiyalar adətən genetik meyillə əlaqələndirilir və ətraf mühit faktorlarının təsiri ilə ortaya çıxır. Erkən diaqnostika və uyğun müalicə, allergik reaksiyaların ağırlaşmasının qarşısını ala bilər və uşağın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. 

Uşaqlarda Astma və Tənəffüs Problemləri

Astma, uşaqlarda ən çox rast gəlinən xroniki tənəffüs yolu xəstəliklərindən biridir və bronxların iltihablanaraq daralması nəticəsində nəfəs almanı çətinləşdirir. Əlamətləri arasında öskürək, təngnəfəslik, xırıltılı tənəffüs və döş qəfəsində sıxılma hissi yer alır. Astmanın müalicəsi, qıcıqlandırıcı faktorların qarşısının alınması və müntəzəm dərman istifadəsi ilə effektiv şəkildə nəzarət altına alına bilər.

Sidik Yolları İnfeksiyaları

Uşaqlarda sidik yolları infeksiyaları, bakteriyaların sidik yollarına daxil olması nəticəsində yaranır və tez-tez sidiyə getmə, sidik ifrazı zamanı yanma hissi, qarın ağrısı və qızdırma kimi əlamətlərlə müşahidə olunur. Xüsusilə azyaşlı uşaqlarda bu infeksiyalar ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyindən, erkən diaqnoz və uyğun antibiotik müalicəsi son dərəcə vacibdir.

Uşaqlıq Dövrünün Yoluxucu Xəstəlikləri

Uşaqlıq dövründə rast gəlinən yoluxucu xəstəliklərə qızılca, suçiçəyi, epidemik parotit və məxmərək daxildir. Bu xəstəliklər adətən hərarət, səpgilər və halsızlıq kimi əlamətlərlə özünü göstərir və asanlıqla yayıla bilir. Buna görə də uşaqların vaxtında peyvənd olunması və gigiyenik qaydalara ciddi əməl olunması bu xəstəliklərin yayılmasının qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır.

Uşaqlarda Dəri Xəstəlikləri

Uşaqlarda tez-tez rast gəlinən dəri xəstəliklərinə ekzema, atopik dermatit, suçiçəyi ilə əlaqəli səpgilər və göbələk infeksiyaları daxildir. Bu xəstəliklərin ümumi əlamətləri arasında dəridə qızartı, qaşınma və səpgilər yer alır. Vaxtında diaqnostika və uyğun müalicə tədbirləri ilə bu cür dəri problemlərinin xroniki hala keçməsinin qarşısını almaq mümkündür.

Böyümə və İnkişaf Problemləri

Uşaqların sağlam böyümə və inkişafı üçün boy, çəki, baş diametri və motor bacarıqlar kimi bir çox göstərici mütəmadi olaraq izlənilməlidir. Böyümə geriliyi, inkişafda gecikmə və ya hormonal pozğunluqlar kimi hallarda erkən diaqnostika xüsusilə əhəmiyyətlidir. Vaxtında müdaxilə edilməsi və zəruri tədbirlərin görülməsi uşağın sağlam həyat sürməsinə təsir göstərir.

Peyvənd və Profilaktik Sağlamlıq Xidmətləri

Peyvəndlər uşaqların sağlam inkişafı və yoluxucu xəstəliklərdən qorunması baxımından mühüm rol oynayır. Pediatrlar tərəfindən hazırlanan vaksinasiya proqramları uşaqları bir sıra ciddi xəstəliklərdən qorumaqla yanaşı, ictimai sağlamlıq baxımından da infeksiya riskini əhəmiyyətli dərəcədə azaldır. Peyvəndləmə ilə yanaşı, mütəmadi sağlamlıq müayinələri də uşaqların sağlam inkişafına mühüm dəstək verir.

Uşaqlarda Ən Tez-Tez Rast Gəlinən Xəstəliklərin Əlamətləri Hansılardır?

Uşaqlarda ən çox rast gəlinən əlamətlər sırasında hərarət və üşütmə, öskürək və təngnəfəslik, qusma və ishal, dəridə səpgilər və qaşınma, həmçinin iştahsızlıq və arıqlama yer alır. Bu simptomların erkən mərhələdə müşahidə olunması və vaxtında həkimə müraciət edilməsi, mümkün fəsadların qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Hərarət və Üşütmə

Hərarət və üşütmə, uşaqlarda infeksion xəstəliklərin ilkin əlamətləri ola bilər. Xüsusilə hərarətin qəfil yüksəlməsi ilə yanaşı halsızlıq və titrətmə müşahidə olunursa, dərhal tibb müəssisəsinə müraciət edilməsi vacibdir.

Öskürək və Təngnəfəslik

Öskürək və nəfəs almaqda çətinlik, yuxarı və ya aşağı tənəffüs yollarının infeksiyası ilə əlaqəli ola bilər. Xüsusilə xırıltılı tənəffüs və nəfəs çatışmazlığı kimi əlamətlər ciddiyə alınmalı və təcili olaraq pediatra müraciət edilməlidir.

Qusma və İshal

Qusma və ishal, uşaqlarda həzm sistemi infeksiyaları və ya qida zəhərlənməsi əlamətləri ola bilər. Bu vəziyyətdə maye çatışmazlığının qarşısını almaq üçün təcili müdaxilə vacibdir.

Dəridə Səpkilər və Qaşınma

Dəridə səpkilər və qaşınma, allergik reaksiyalar, yoluxucu xəstəliklər və ya ekzema kimi müxtəlif halların əlaməti ola bilər. Bu simptomların davametmə müddəti və bədənin hansı nahiyələrinə yayılması diaqnozun dəqiqləşdirilməsi baxımından mühüm rol oynayır.

İştahsızlıq və Çəki İtkisi

İştahsızlıq və bədən çəkisinin azalması, bir çox sağlamlıq probleminin göstəricisi ola bilər. Xüsusilə böyümə və inkişaf dövründə olan uşaqlarda bu əlamətlər ciddi tibbi vəziyyətlərin ilkin xəbərçisi kimi qiymətləndirilməlidir.

0-1 Yaş (Körpəlik dövrü) Yenidoğulmuş sarılığı, yuxarı tənəffüs yolu infeksiyaları, bronxiolit, köp, ishal, ağızda göbələk və orta qulaq iltihabı.
1-3 Yaş (Yeriməyə Başlama Dövrü) Soyuqdəymə, qrip, orta qulaq iltihabı, əl-ayaq-ağız xəstəliyi, ishal, suçiçəyi, qızılca, epidemik parotit və bağırsaq parazitləri.
3-6 Yaş (Məktəbəqədər Dövrü) Qızılca, məxmərək, epidemik parotit, suçiçəyi, beta infeksiyası, bronxit, tonzillit (badamcıq iltihabı), allergik xəstəliklər.
6-12 Yaş (Məktəb Dövrü) Yuxarı tənəffüs yolu infeksiyaları, tonzillit, beta infeksiyası, bağırsaq parazitləri, sidik yolu infeksiyaları, allergik xəstəliklər və astma.
12-18 Yaş (Yeniyətməlik Dövrü) Sızanaq (akne), allergik xəstəliklər, miqren, anemiya, stress mənşəli mədə narahatlıqları, skolioz, ruhi və psixoloji pozuntular.

Uşaq Xəstəliklərində Diaqnostik Yanaşmalar Hansılardır?

Uşaq xəstəliklərinin diaqnostikasında xəstəliyin növü və müşahidə olunan əlamətlərə uyğun olaraq müxtəlif üsullardan istifadə olunur. Diaqnostika prosesi adətən fiziki müayinə ilə başlayır və ehtiyac olduqda qan və sidik analizləri kimi laborator müayinələr, həmçinin rentgen və ultrasəs (USM) kimi görüntüləmə metodları ilə dəstəklənir. Allergik hallar zamanı spesifik allergiya testləri də tətbiq oluna bilər. Bu metodlar düzgün diaqnozun qoyulması və effektiv müalicə planının hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Fiziki Müayinə

Uşaq xəstəliklərinin diaqnozunda ilk mərhələ olan fiziki müayinə, həkimin uşağın ümumi vəziyyətini qiymətləndirməsi ilə başlanır. Bu mərhələdə uşağın boğazı, qulaqları, dərisi, tənəffüs və ürək səsləri, qarın nahiyəsi və limfa düyünləri yoxlanılır. Fiziki müayinə bir çox xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edir və əlavə müayinələrin planlaşdırılmasına imkan yaradır.

Qan və Sidik Analizləri

Qan və sidik analizləri uşaqlarda infeksiyalar, maddələr mübadiləsi pozğunluqları, böyrək xəstəlikləri və digər patologiyaların aşkarlanmasında geniş tətbiq olunur. Bu testlər vasitəsilə qanın ümumi göstəriciləri, iltihab markerləri, infeksiyaya dair göstəricilər və böyrək funksiyaları qiymətləndirilə bilər. Beləliklə, xəstəliyin səbəbi daha qısa zamanda müəyyən edilir.

Rentgen və Ultrasəs Müayinəsi

Uşaqlarda xəstəliklərin diaqnostikasında rentgen və ultrasəs müayinəsi kimi görüntüləmə üsulları geniş şəkildə tətbiq olunur. Xüsusilə ağciyər infeksiyaları, qarın ağrıları, sümük sınıqları və daxili orqanlarla bağlı problemlərin müəyyən edilməsində bu metodlara üstünlük verilir.Ultrasəs müayinəsi isə ionlaşdırıcı şüa (radiasiya) yaymadığı üçün təhlükəsiz bir müayinə üsulu sayılır və qarın boşluğu, böyrəklər və digər orqanların qiymətləndirilməsində, xüsusilə azyaşlı uşaqlar üçün daha uyğundur.

Allergiya Testləri

Allergiya testləri, uşaqlarda rast gəlinən allergik xəstəliklərin səbəblərinin müəyyən edilməsi məqsədilə aparılır. Bu testlər dəri üzərinə tətbiq olunan kiçik miqdarda allergen damcıları vasitəsilə və ya qan analizləri şəklində həyata keçirilə bilər. Test nəticələrinə əsasən uşağın hansı maddəyə qarşı allergik reaksiya verdiyi müəyyən edilir və müalicə prosesi bu nəticələrə uyğun şəkildə planlaşdırılır.

Uşaq Xəstəliklərinin Müalicə Üsulları Hansılardır?

Uşaq xəstəliklərinin müalicəsində tətbiq olunan üsullar, xəstəliyin növü, uşağın yaşı və sağlamlıq vəziyyətinə görə dəyişir. Ən çox istifadə edilən müalicə metodlarına dərman və antibiotik terapiyası, buxar (inhalyasiya) müalicələri, xüsusi pəhriz və qidalanma planları, eləcə də profilaktik peyvəndlər daxildir. Müalicə üsullarının düzgün seçilməsi xəstəliyin qısa müddətdə sağalmasına və fəsadların qarşısının alınmasına şərait yaradır.

Dərman və Antibiotik Müalicəsi

Dərman müalicəsi uşaq xəstəliklərində ən geniş tətbiq olunan üsuldur və xüsusilə bakterial infeksiyaların müalicəsində antibiotiklər geniş istifadə olunur. Ağrıkəsicilər, hərarət salan preparatlar və allergiya əleyhinə dərmanlar kimi digər dərman növləri də simptomların nəzarət altında saxlanması üçün tətbiq edilir. Dərmanların dozasının düzgün müəyyən olunması və həkim nəzarəti altında istifadəsi böyük önəm daşıyır.

Buxar (İnhalyasiya) Müalicəsi

Buxar (inhalyasiya) müalicəsi xüsusilə astma, bronxit, bronxiolit kimi tənəffüs yolu xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Bu müalicə üsulu tənəffüs yollarını genişləndirir, nəfəs darlığını azaldır və uşağın rahat nəfəs almasına şərait yaradır. İnhalasiya zamanı istifadə olunan dərmanlar birbaşa tənəffüs yollarına çataraq daha sürətli və effektiv təsir göstərir.

Pəhriz və Qidalanma Müalicəsi

Uşaqlarda pəhriz və qidalanma müalicələri həzm sistemi xəstəlikləri, allergik reaksiyalar, piylənmə və ya böyümə problemlərinin müalicəsində əhəmiyyətli rol oynayır. Xüsusi hazırlanmış qidalanma planları vasitəsilə uşağın qida ehtiyacları qarşılanır və mövcud sağlamlıq problemlərinin aradan qaldırılması hədəflənir. Pəhriz müalicələri uşağın ümumi sağlamlığına müsbət təsir göstərir.

Peyvənd Tətbiqləri

Peyvənd tətbiqləri uşaqlıq dövründə yoluxucu xəstəliklərdən qorunmaq üçün görülən mühüm profilaktik tədbirlərdən biridir. Müəyyən yaş dövrlərində tətbiq olunan peyvəndlər immunitet sistemini gücləndirir və ciddi xəstəliklərin qarşısını almağa kömək edir. Peyvənd proqramlarının müntəzəm izlənməsi və tam şəkildə həyata keçirilməsi uşaqların sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır.

Uşaq Sağlamlığını Qorumaq Üçün Tövsiyələr

Uşaqların sağlamlığını qorumaq və həyat keyfiyyətini artırmaq məqsədilə müəyyən tədbirlərin görülməsi vacibdir. Peyvənd təqviminin izlənməsi, sağlam və balanslı qidalanma, dövri sağlamlıq müayinələri və gigiyena qaydalarına diqqət yetirilməsi uşaqların immunitet sistemini gücləndirir və xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu tədbirlər sayəsində uşaqlar daha sağlam böyüyərək inkişaflarını ən yaxşı şəkildə tamamlayırlar.

Uşaqlara Tətbiq Edilən Mütəmadi Peyvənd Cədvəli

Uşaqları yoluxucu xəstəliklərdən qorumaq üçün peyvəndlərin mütəmadi tətbiqinə riayət edilməlidir. Müəyyən edilmiş vaxtlarda edilən peyvəndlər xəstəliklərin yayılmasının və yoluxmasının qarşısını alır. Buna görə valideynlərin uşaqlarının peyvəndlərini vaxtında etdirməsi böyük önəm daşıyır.

Sağlam və Balanslı Qidalanma

Uşaqların sağlam böyüməsi və inkişafı üçün balanslı qidalanma zəruridir. Protein, karbohidrat, yağ, vitamin və minerallar baxımından zəngin qidalanma rejimi immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır və böyümə prosesini müsbət istiqamətdə dəstəkləyir.

Mütəmadi Sağlamlıq Müayinələri

Dövri sağlamlıq müayinələri uşaqların sağlam böyüməsini izləmək və mümkün sağlamlıq problemlərini erkən mərhələdə müəyyən etmək üçün önəmlidir. Müntəzəm müayinələr sayəsində bir çox sağlamlıq problemləri böyümədən əvvəl qarşısı alınır və ya təsirləri yüngülləşdirilir.

Gigiyena Qaydalarına Diqqət Yetirilməsi

Gigiyena uşaqlarda yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır. Əllərin tez-tez yuyulması, ətraf mühitin təmizliyinə riayət olunması və şəxsi gigiyena vərdişlərinin formalaşdırılması uşaqları bir çox sağlamlıq problemindən qoruyur.

Uşaq Həkiminə (Pediatra) Nə Zaman Müraciət Etmək Lazımdır?

Uşaqlarda müşahidə olunan bəzi əlamətlər ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Xüsusilə yüksək hərarət, nəfəs almaqda çətinlik, uzun müddət davam edən qusma və ishal kimi hallar zamanı vaxt itirmədən uşaq xəstəlikləri üzrə mütəxəssisə (pediatra) müraciət olunmalıdır. Belə halların erkən aşkarlanması və vaxtında tibbi müdaxilə uşağın sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır.

Yüksək Hərarət Hallarında

Əgər uşağın hərarəti nəzarət altına alınmırsa və ya hərarətlə birlikdə titrətmə, huşun bulanıqlığı və ya digər narahat edici əlamətlər müşahidə olunursa, dərhal pediatra müraciət edilməlidir.

Nəfəs Almada Çətinlik Yarandıqda

Uşaq nəfəs almaqda çətinlik çəkirsə, döş qəfəsindən xırıltılı səslər eşidilirsə və ya təngnəfəslik müşahidə olunursa, təcili şəkildə həkimə müraciət olunmalıdır.

Şiddətli Qusma və İshal Hallarında

Uşaqlarda davamlı qusma, ağır dərəcəli ishal və susuzluq (maye itkisi) əlamətləri varsa, bu vəziyyət dərhal pediatr tərəfindən qiymətləndirilməlidir.

Dəridə Səpkilər və Qaşınma Olduqda

Ani şəkildə başlayan səpgilər və intensiv qaşınma allergik reaksiya və ya infeksion prosesin göstəricisi ola bilər. Bu halda həkim müayinəsi zəruridir.

İştahsızlıq və Çəki İtkisi Müşahidə Edildikdə

Əgər uşağın iştahsızlığı uzun müddət davam edirsə, qəfil çəki itkisi və ya böyümə–inkişaf göstəricilərində geriləmə müşahidə olunursa, uşaq xəstəlikləri üzrə mütəxəssisə müraciət olunmalıdır.

Tez-Tez Verilən Suallar

Pediatriya nədir?

Pediatriya-körpəlik dövründən yeniyetməlik yaşının sonuna qədər uşaqların fiziki, zehni və sosial sağlamlığını araşdıran, xəstəliklərini diaqnoz edən, müalicə və profilaktikasını həyata keçirən tibb sahəsidir. Pediatrlar uşaqların böyümə və inkişafını izləyərək sağlamlıq problemlərini erkən mərhələdə aşkarlayır, zəruri tibbi müdaxiləni təmin edir və valideynlərə sağlam uşaq inkişafı ilə bağlı tövsiyələr verir.

Uşaq xəstəlikləri üzrə mütəxəssis (pediatr) hansı xəstəliklərə baxır?

Pediatrlar aşağıdakı sahələrdə tənəffüs yolu infeksiyaları, temperaturla müşayiət olunan xəstəliklər, həzm sistemi problemləri, allergik xəstəliklər və astma, sidik yolları infeksiyaları, yoluxucu xəstəliklər, dəri xəstəlikləri, böyümə və inkişaf pozğunluqları kimi tez-tez rast gəlinən xəstəliklərin diaqnostika və müalicəsini həyata keçirirlər. Bundan əlavə, profilaktik sağlamlıq xidmətləri və peyvənd proqramlarının təşkili də pediatrların fəaliyyət sahəsinə daxildir.

Uşaqlarda hərarət necə salınmalıdır?

Uşaqlarda hərarətin azaldılması üçün otaq temperaturunun normada saxlanılması, uşağın nazik geyim geyinməsi və kifayət qədər maye qəbul etməsi vacibdir. Həmçinin, uşağa ilıq duş etdirmək və ya ilıq su ilə bədəni silmək faydalı ola bilər. Yüksək hərarət hallarında həkim tərəfindən tövsiyə olunmuş dozada hərarətsalıcı dərmanlardan istifadə oluna bilər. Əgər hərarət enmirsə, dərhal həkimə müraciət edilməlidir.

Uşaqlarda allergiyanın əlamətləri hansılardır?

Uşaqlarda rast gəlinən allergik əlamətlər adətən asqırma, burun axıntısı, qaşınma, göz yaşarması, dəridə qızartı və səpgilər şəklində özünü göstərir. Bəzi qidalara qarşı olan allergiyalarda isə ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər. Əlamətlərin erkən aşkarlanması, allergiyanın mənbəyinin müəyyənləşdirilməsi və uyğun müalicəyə başlanması mühüm əhəmiyyət kəsb edir.

Uşaqlarda Astmanı Necə Anlamaq Olar?

Astmanın əsas əlamətləri arasında uşağın tez-tez öskürməsi, nəfəs alarkən çətinlik çəkməsi, xırıltılı tənəffüs etməsi və fiziki aktivlik zamanı tez yorulması yer alır. Xüsusilə gecə vaxtı artan öskürək tutmaları astmanın göstəricisi ola bilər. Bu əlamətlər müşahidə olunduqda uşaq xəstəlikləri üzrə mütəxəssisə müraciət edilməli və dəqiq diaqnoz üçün zəruri müayinələr aparılmalıdır.

Uşaqlarda Hərarət Necə Salınmalıdır?

Uşaqlarda hərarəti aşağı salmaq üçün ilk növbədə uşağa nazik və rahat geyimlər geyindirilməli, ilıq duş etdirilməli və kifayət qədər maye qəbul etməsi təmin olunmalıdır. Həkimin tövsiyə etdiyi dozada hərarətsalıcı dərmanlardan istifadə oluna bilər. Hərarət davam edərsə və ya tez-tez yüksəlirsə, mütləq həkimə müraciət edilməlidir.

Uşaqlarda Astmanı Necə Tanımaq Olar?

Uşaqlarda astma-davamlı və ya tutma şəkilli öskürək, təngnəfəslik, döş qəfəsində sıxılma hissi və xırıltılı nəfəsalma kimi əlamətlərlə özünü göstərə bilər. Bu əlamətlər gecə saatlarında və ya fiziki fəaliyyət sonrasında daha qabarıq şəkildə müşahidə oluna bilər. Belə hallar olduqda tibbi müayinəyə ehtiyac duyulur.

Uşaqlarda İshal Necə Keçir?

İshal zamanı uşağa bol maye verilməsi xüsusilə vacibdir. Bu dövrdə yüngül, asan həzm olunan və az yağlı qidaların verilməsi tövsiyə olunur. Həkim məsləhəti olmadan dərman istifadəsindən çəkinmək lazımdır. Əlamətlər şiddətlənərsə və ya uzun müddət davam edərsə, təcili olaraq tibb müəssisəsinə müraciət edilməlidir.

Uşaqlarda Qusma və İshal Halında Nə Etmək Lazımdır?

Uşaqlarda qusma və ishal müşahidə olunduqda maye itkisini qarşısını almaq üçün tez-tez və az miqdarlarda maye verilməlidir. Ana südü ilə qidalanan körpələr mütləq şəkildə əmizdirilməyə davam etdirilməlidir. Əlamətlər davam edərsə və ya körpədə halsızlıq yaranarsa, dərhal həkimə müraciət olunmalıdır.

Uşaqlarda Dəridə Səpkilər və Qaşınmanı Nə Yaxşılaşdırır?

Əgər uşağın dərisində səpgilər və qaşınma müşahidə olunursa, dərini qıcıqlandırmayan, ətirsiz nəmləndirici kremlərdən istifadə oluna bilər. Körpənin geyimləri pambıq parçadan seçilməli və təmiz olmalı, dırnaqları qısa saxlanmalıdır. Əgər səpkilər və qaşınma güclü olarsa, pediatra müraciət etmək mütləqdir.

Uşaqlarda İştahsızlıq və Çəki İtkisi Halında Nə Etmək Lazımdır?

Uşaqda iştahsızlıq və çəki itkisi müşahidə olunursa, onun qidalanma vərdişləri nəzərdən keçirilməli və qida rasionunda sevdiyi, lakin sağlam qidaların payı artırılmalıdır. Əgər qidalanma ilə bağlı problemlər davam edərsə və çəki itkisi nəzərəçarpacaq dərəcədə olarsa, ixtisaslaşmış həkimə müraciət edilməlidir.

Uşaqlarda Dəridə Səpkilər və Qaşınmalar Nə Üçün Yaranır?

Uşaqlarda dəri səpkiləri və qaşınmalar adətən allergiyalar, infeksiyalar və ekzema kimi müxtəlif səbəblərlə əlaqəli ola bilər. Əgər səbəb müəyyənləşdirilməz və uyğun müalicə tətbiq edilməzsə, səpkilər xronik xarakter ala bilər. Buna görə uzunmüddətli və qaşınma ilə müşayiət olunan səpkilər zamanı həkim müayinəsi vacibdir.

Uşaq xəstəlikləri üzrə həkim qəbuluna necə yazılmaq olar?

Uşaq xəstəlikləri üzrə mütəxəssisə qəbul üçün tibb müəssisələrinin çağrı mərkəzləri, rəsmi internet səhifələri və ya mobil sağlamlıq tətbiqləri vasitəsilə müraciət edilə bilər. Təcili tibbi yardım tələb olunan hallarda isə birbaşa olaraq müvafiq tibb müəssisəsinin təcili yardım şöbəsinə müraciət edilməlidir. Qəbul zamanı uşağın şikayətləri və ümumi vəziyyəti haqqında ətraflı məlumat vermək müalicənin düzgün istiqamətləndirilməsi baxımından vacibdir.

Uşaq sağlamlığını qorumaq üçün hansı tövsiyələrə əməl edilməlidir?

Uşaq sağlamlığını qorumaq üçün peyvənd təqviminə riayət etmək, sağlam və balanslı qidalanmanı təmin etmək, gigiyena qaydalarına diqqət yetirmək və müntəzəm tibbi nəzarəti laqeyd yanaşmamaq vacibdir. Bu tədbirlər uşaqların xəstəliklərə qarşı müqavimətini artırır və sağlam böyümələrinə dəstək olur.

Peyvənd təqviminə riayət etməyin əhəmiyyəti nədir?

Uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün peyvəndlərin vaxtında və düzgün şəkildə aparılması vacibdir. Peyvəndlər immun sistemini gücləndirərək ağır və təhlükəli xəstəliklərin qarşısını alır. Buna görə də valideynlərə uşaqların peyvənd təqvimini diqqətlə izləmələri tövsiyə olunur.

Körpə və uşaqlarda müntəzəm tibbi müayinələrin əhəmiyyəti nədir?

Rutin tibbi müayinələr körpə və uşaqların böyümə və inkişafını izləmək, mümkün sağlamlıq problemlərini erkən mərhələdə aşkarlamaq baxımından vacibdir. Bu müayinələr zamanı peyvənd tətbiqləri, fiziki inkişafın dəyərləndirilməsi və ümumi sağlamlıq göstəriciləri yoxlanılır. Beləliklə, uşağın sağlam inkişafı təmin olunur.

Uşaqlarda Böyümə və İnkişaf Problemləri Nələrdir?

Uşaqlarda böyümə və inkişaf problemlərinə çəki ala bilməmə, boyun qısa qalması, motor bacarıqlarda gecikmələr və dil inkişafında problemlər daxil ola bilər. Bu kimi problemlərin erkən müəyyən olunması və müdaxilə olunması, uşağın sağlam inkişaf keçirməsi baxımından böyük əhəmiyyət daşıyır.

Əlaqə

Əlaqə