Oftalmologiya bölməsi göz xəstəlikləri

Göz xəstəlikləri görmə qabiliyyətinə mənfi təsir göstərə biləcək müxtəlif patoloji vəziyyətləri əhatə edir. Bu xəstəliklər genetik meyillikdən tutmuş ətraf mühit amillərinədək bir sıra səbəblərlə əlaqəli ola bilər və əksər hallarda erkən mərhələdə əlamətsiz keçə bilər. Lakin vaxtında aşkarlanmış xəstəliklər müalicə olunaraq görmə itkisi riski minimuma endirilə bilər.

Oftalmologiya (göz xəstəlikləri) bölməsi görmə itkisi, ağrı və infeksiya kimi klinik şikayətlərə səbəb olan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Katarakta, qlaukoma, çəpgözlük və diabetik retinopatiya kimi xəstəliklər bu sahəyə daxildir. Həmçinin uşaqlarda və böyüklərdə rast gəlinən müxtəlif göz patologiyalarının aşkarlanması və müalicəsi də bu bölmənin fəaliyyət istiqamətinə daxildir.

Göz Xəstəlikləri Nədir?

Göz sağlamlığı gündəlik həyat keyfiyyətinə birbaşa təsir göstərir. Görmə qabiliyyətini təhdid edən bəzi geniş yayılmış göz xəstəlikləri erkən diaqnozla nəzarət altına alına bilər. Ən çox rast gəlinən əsas göz xəstəlikləri aşağıdakılardır:

  • Miopiya
  • Hipermetropiya
  • Astiqmatizm
  • Presbiopiya
  • Katarakta
  • Qlaukoma (Göz təzyiqi)
  • Makula degenerasiyası
  • Konyunktivit (göz iltihabı)
  • Çəpgözlük
  • Uveit
  • Göz zəifliyi (Ambliopiya)
  • Retina qopması
  • Göz quruluğu

Göz Xəstəlikləri Bölməsi Hansı Xəstəliklərlə Məşğul Olur?

Göz sağlamlığı ümumi həyat keyfiyyətində mühüm rol oynayır. Göz xəstəlikləri bölməsi, görmə qabiliyyətini təhdid edən müxtəlif pozuntuların diaqnostika və müalicəsi ilə məşğul olur.

Katarakta, qlaukoma, buynuz qişa xəstəlikləri, makula degenerasiyası, uveit və çəplik kimi geniş yayılmış göz xəstəlikləri bu bölmədə əhatəli şəkildə qiymətləndirilir. Göz sağlamlığını qorumağın ən təsirli yollarından biri erkən diaqnoz və mütəmadi olaraq aparılan oftalmoloji müayinələrdir.

Katarakta və Katarakta Cərrahiyyəsi

Katarakta – göz büllurunun şəffaflığını itirərək bulanıqlaşması nəticəsində yaranan bir vəziyyətdir. Zamanla görmədə itkiyə səbəb olaraq şəxsin gündəlik fəaliyyətlərinə mənfi təsir göstərir.

Katarakta əməliyyatı – şəffaflığını itirmiş təbii büllurun çıxarılması və yerinə süni linzanın yerləşdirilməsi ilə həyata keçirilir. Qısa müddətli bu əməliyyatdan sonra xəstələr tez bir zamanda sağalır və görmə keyfiyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunur.

Qlaukoma (Göz Təzyiqi): Diaqnoz və Müalicə

Qlaukoma – xalq arasında “göz təzyiqi” kimi tanınan və gizli şəkildə irəliləyən bir xəstəlikdir. Müalicə olunmadığı təqdirdə, göz sinirinə zərər verərək geri dönməz görmə itkisinə səbəb ola bilər. Qlaukomanın erkən diaqnozu üçün müntəzəm göz müayinələri mühüm rol oynayır. Müalicə zamanı göz daxili təzyiqi nəzarət altına almaq üçün dərman preparatları, lazer müalicəsi və ya cərrahi müdaxilə üsullarından istifadə edilə bilər.

Torlu Qişa (Retina) Xəstəlikləri və Cərrahi Müalicə Metodları

Torlu qişa-görmə funksiyasının mərkəzində yer alan və işığı beyinə ötürən həyati əhəmiyyətə malik bir quruluşdur. Torlu qişa qatında yaranan xəstəliklər, görmə qabiliyyətinin itməsinə qədər irəliləyə biləcək ciddi problemlərə səbəb ola bilər. Ən çox rast gəlinən torlu qişa xəstəlikləri aşağıdakılardır:

  • Retina qopması
  • Diabetik retinopatiya
  • Makula degenerasiyası (sarı ləkə xəstəliyi)
  • Retinitis piqmentoza
  • Makula dəliyi
  • Epiretinal membran (retina üzərində zar əmələ gəlməsi)

Torlu qişa xəstəliklərinin müalicəsində vitreoretinal cərrahiyyə mühüm rol oynayır. Bu üsul, gözün arxa hissəsində yerləşən torlu qişa qatı və "vitreus" adlı jeləbənzər quruluşların müalicəsini təmin edir. Retina qopmasının müalicəsində adətən silikon lent tətbiqi və ya vitrektomi kimi cərrahi texnikalara üstünlük verilir. Diabetik retinopatiya müalicəsində isə lazer cərrahiyyəsi və göz içi dərman inyeksiyaları vasitəsilə görmə itkisini önləmək hədəflənir. Erkən diaqnoz, cərrahi müdaxilənin müvəffəqiyyət nisbətini artıran ən vacib amillərdən biridir.

Buynuz Qişa (Kornea) Xəstəlikləri və Kornea Transplantasiyası

Buynuz qişa-gözün ön hissəsini örtən və işığın düzgün şəkildə fokuslanmasına kömək edən şəffaf bir qişadır. Buynuz qişa xəstəlikləri, görmə qabiliyyətində zəifləməyə və daimi görmə itkisinə yol aça bilər. Bu xəstəliklərin müalicəsində dərman preparatları, lazer müalicə üsulları və ya kornea transplantasiyası kimi metodlardan istifadə olunur. Buynuz qişa transplantasiyası - zədələnmiş buynuz qişa toxumasının sağlam donor toxuması ilə dəyişdirilməsini təmin edən bir prosedurdur və görmə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Miyopiya, hipermetropiya və astiqmatizm üçün müasir müalicə üsulları

Miyopiya, hipermetropiya və astiqmatizm gözdə fokuslanma problemləri ilə əlaqəli ümumi görmə pozğunluqlarıdır. Hər biri fərqli müalicə üsullarını tələb edir.

Makula Degenerasiyası (Sarı Ləkə Xəstəliyi): Diaqnoz və Müalicə

Makula degenerasiyası, xalq arasında "sarı ləkə xəstəliyi" kimi tanınır və əsasən yaşlı insanlarda daha sıx rast gəlinir. Bu xəstəlik mərkəzi görməyə təsir edir, detalları görməkdə çətinlik yaradır və gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər. Müalicə prosesində göz daxilinə inyeksiya edilən dərmanlar, lazer müalicəsi və qidalanma rejiminin tənzimlənməsi kimi müxtəlif yanaşmalardan istifadə olunur. Erkən diaqnoz, xəstəliyin irəliləməsinin qarşısını almaq baxımından olduqca vacibdir.

Diabetik Retinopatiya və Qarşısının Alınması Yanaşmaları

Diabetik retinopatiya-şəkərli diabeti olan şəxslərdə göz dibində yerləşən torlu qişa damarlarının zədələnməsi nəticəsində yaranan xəstəlikdir. Bu, retina qanaxmaları və ödemlərə səbəb olaraq zamanla görmə qabiliyyətinin itkisinə yol aça bilər. Xəstəlik erkən mərhələdə çox zaman simptom vermir, lakin müntəzəm göz müayinələri ilə erkən diaqnoz qoyula bilər. Qanda şəkərin səviyyəsinin sabit saxlanması, sağlam həyat tərzi və müntəzəm göz müayinələri bu xəstəliyin qarşısını almaqda əsas rol oynayır. Gecikmiş mərhələlərdə isə lazer müalicəsi, göz daxili dərman inyeksiyaları və vitrektomiya kimi cərrahi üsullarla müalicə aparıla bilər.

Uveit (Göz Daxili İltihablar) və Müalicə Prosesi

Uveit-gözün iç qatlarında yaranan iltihablanmanı ifadə edən ümumi bir anlayışdır. Bu xəstəlik əsasən gözün qızarması, ağrı, işığa qarşı həssaslıq və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Müalicə prosesində kortizon tərkibli göz damcıları, immun sistemi tənzimləyən dərmanlar və ağır hallarda cərrahi müdaxilə tətbiq oluna bilər. Uveitin müalicəsi fərdi yanaşma ilə planlaşdırılır və xəstəlik müntəzəm nəzarət altında saxlanılır.

Çəpgözlük və Göz Təmbəlliyinin (Ambliopiya) Müalicəsi

Çəpgözlük-göz əzələlərinin koordinasiyasının pozulması səbəbilə gözlərin simmetrik baxmaması vəziyyətidir. Göz tənbəlliyi (ambliyopiya) isə əsasən uşaq yaşlarında yaranır və bir gözün digəri ilə müqayisədə daha zəif görməsi ilə xarakterizə olunur. Hər iki vəziyyətin müalicəsində eynək istifadəsi, göz qapağı ilə bağlı təlimlər (bandaj terapiyası), ortoptik məşqlər və ya çəpgözlük əməliyyatı kimi üsullardan istifadə oluna bilər. Erkən müdaxilə müalicənin müvəffəqiyyət nisbətini artırmaq üçün vacibdir.

Göz Quruluğu və Göz Səthi Xəstəlikləri

Göz quruluğu, göz səthində kifayət qədər maye ifraz olunmaması və ya ifraz olunan mayenin gözdə effektiv şəkildə yayılmaması nəticəsində yaranır. Bu vəziyyət gözdə yad cisim hissi, yanma, batma və bulanıq görmə kimi şikayətlərə səbəb ola bilər. Göz səthi xəstəlikləri isə əsasən gözün ön hissəsində yerləşən buynuz qişa (kornea) və konyuktiva kimi strukturları təsir edən pozğunluqlardır. Göz quruluğunun müalicəsində adətən süni göz yaşı damcıları və dərman preparatları istifadə olunur. Ağır hallarda göz yaşı axarlarının tutulmasının açılması və ya cərrahi müdaxilə tətbiq oluna bilər. Bu xəstəliklərin erkən diaqnozu və müalicə prosesinin uğurlu olması üçün mütəmadi göz müayinələri aparılması mühüm əhəmiyyət daşıyır.

Göz İnfeksiyaları (Konyunktivit) və Qarşısının Alınması

Göz infeksiyaları, vaxtında müalicə olunmadıqda ciddi nəticələrə yol aça biləcək və göz sağlamlığına mənfi təsir göstərən xəstəliklərdir. Ən çox rast gəlinən göz infeksiyalarına aşağıdakılar daxildir:

  • Konyunktivit (göz iltihabı)
  • İtdirsəyi (hordeolum)
  • Keratit (buynuz qişa iltihabı)
  • Blefarit (göz qapağının iltihabı)
  • Uveit (göz daxili iltihabı)
  • Orbital sellülit

Bu infeksiyaların qarşısını almaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əllərlə gözləri ovuşdurmaqdan çəkinmək, şəxsi dəsmal və kosmetik vasitələri başqaları ilə paylaşmamaq infeksiya riskini azaldır. Linza istifadə edən şəxslərin isə xüsusi gigiyenaya diqqət yetirməsi və gözlərini mütəmadi olaraq yoxlatdırması infeksiyaların qarşısının alınmasında effektiv addımlardan sayılır.

Optik Sinir Xəstəlikləri və Diaqnostik Yanaşmalar

Optik sinir, vizual məlumatları gözdən beyinə ötürən bir quruluşdur. Bu sinirin xəstəlikləri görmə itkisinə səbəb ola bilər. Optik sinir xəstəliklərinə optik nevrit, optik atrofiya və işemik optik neyropatiya daxildir. Bu xəstəliklərin diaqnostikası üçün görmə testləri, göz dibi müayinəsi (optik sinir başının müayinəsi), maqnit rezonans tomoqrafiyası (MRT), görmə sahəsi analizi və rəngli görmə testləri kimi müxtəlif üsullardan istifadə olunur. Erkən diaqnoz, xəstəliyin irəliləməsinin qarşısını almağa və müalicənin effektivliyini artırmağa kömək edir.

Göz Qapağı Xəstəlikləri və Göz Qapağı Cərrahiyyəsi

Göz qapağı xəstəlikləri, həm funksional, həm də estetik baxımdan narahatlıq yarada bilən vəziyyətlərdir. Bu şərtlərə blefarit (göz qapaqlarının iltihabı), şişkinlik, hordeolum və göz qapaqlarının sallanması (ptoz) daxildir. Müalicəyə adətən dərman preparatları, isti kompres və antibiotiklərlə başlanılır. Daha ağır hallarda cərrahi müdaxilə tələb oluna bilər. Göz qapağı cərrahiyyəsi adətən blefaroplastika adlanan əməliyyatla aparılır. Bu prosedur zamanı göz qapağında artıq dəri və piy toxuması çıxarılır, bu da həm görmə funksiyasının yaxşılaşdırılmasına, həm də estetik görünüşün bərpa olunmasına imkan yaradır.

Uşaqlarda Rast gəlinən Göz Xəstəlikləri və Əhəmiyyəti

Uşaqlıq dövründə bəzi göz xəstəlikləri vaxtında aşkar edilmədikdə, qalıcı görmə itkisi kimi ciddi nəticələrə səbəb ola bilər. Uşaqlarda rast gəlinən göz xəstəlikləri aşağıdakılardır:

  • Göz tənbəlliyi (Ambliopiya)
  • Çəpgözlük
  • Miyopiya
  • Hipermetropiya
  • Astiqmatizm
  • Göz allergiyaları
  • Konyunktivit (Göz iltihabı)
  • Göz yaşı kanalı tıxanıqlığı
  • Anadangəlmə katarakta

Göz sağlamlığı uşaqların intellektual və fiziki inkişafına birbaşa təsir edir. Görmə pozğunluğu yaşayan uşaqlarda məktəb nailiyyətləri azalır, sosial münasibətlərdə çətinliklər yaranır və motor bacarıqlarda geriləmə müşahidə oluna bilər. Buna görə də uşaqların müntəzəm olaraq göz müayinəsindən keçirilməsi son dərəcə vacibdir. Vaxtında diaqnoz qoyulan göz xəstəlikləri gələcəkdə qalıcı görmə itkisi riskini azaldır. Uşaqlıq dövründə aşkar edilən və müalicə olunan göz problemləri uşağın sağlam görmə qabiliyyətinə sahib olmasına və həyat keyfiyyətinin artmasına şərait yaradır.

Göz Travmaları və Təcili Müdaxilə Tələb Edən Hallar

Göz travmaları, əsasən xarici təsirlər nəticəsində göz nahiyəsində baş verən zədələnmələrdir. Göz insan orqanizmindəki ən həssas orqanlardan biridir. Hər hansı bir zərbə və ya travma ciddi nəticələrə, o cümlədən görmə qabiliyyətinin itməsinə səbəb ola bilər. Göz travmalarına misal olaraq bərk cisimlərin gözə dəyməsi, kimyəvi maddələrin gözü ilə təması, gözün kəsilməsi və ya deşilməsi kimi zədələnmələr göstərilə bilər. Göz travmaları və təcili müdaxilə tələb edən hallar aşağıdakılardır:

  • Gözdə ciddi qanama
  • Gözdə yad cismin olması
  • Gözlə kimyəvi maddənin təması
  • Gözün deşilməsi və ya kəsilməsi
  • Görmə itkisi və ya bulanıq görmə
  • Şiddətli ağrı və başgicəllənmə ilə müşayiət olunan göz travması
  • Şişlik və ya göyərmə ilə birlikdə görmə problemi
  • Çəpgözlük və ya göz hərəkətlərində məhdudiyyət

Göz Xəstəliklərinin Diaqnozunda İstifadə Edilən Üsullar Hansılardır?

Göz xəstəliklərinin diaqnozunda görmə pozğunluqları və göz quruluşundakı problemlərin aşkar olunması üçün müxtəlif üsullardan istifadə olunur. Bu üsullar aşağıdakılardır:

  • Görmə sahəsi testi
  • Qlaukoma ölçməsi
  • Fundus müayinəsi
  • Perimetriya
  • Korneal topoqrafiya
  • Slit-lampa biomikroskopiyası
  • Oksimetriya
  • Retina tomoqrafiyası
  • Fluoresent angioqrafiya
  • Optik koherens tomoqrafiya (OKT/OCT)
  • Elektroretinoqramma (ERG)

Ətraflı Göz Müayinəsi və Onun Əhəmiyyəti

Ətraflı göz müayinəsi göz sağlamlığının düzgün qiymətləndirilməsi üçün son dərəcə vacibdir. Bu müayinə zamanı görmə itiliyi, qlaukoma və torlu qişa kimi əsas elementlər diqqətlə araşdırılır. Vaxtında qoyulan diaqnoz göz xəstəliklərinin irəliləməsinin qarşısını alır və müalicə prosesinin effektivliyini artırır. Mütəmadi olaraq aparılan göz müayinələri potensial görmə itkisini önləmək üçün vacib tədbirdir.

Görüntüləmə Üsulları və Retina Skanları

Görüntüləmə üsulları göz strukturlarının ətraflı şəkildə incələnməsinə imkan verir. Retina skanları xüsusilə diabetik retinopatiya, makula degenerasiyası (sarı nöqtə xəstəliyi) və digər torlu qişa xəstəliklərinin erkən diaqnozu üçün istifadə olunur. Bu skanlar göz damar quruluşunu, torlu qişa sağlamlığını və görmə funksiyalarını qiymətləndirməyə kömək edir.

Görmə Sahəsi Testləri və Qlaukoma Skrininq Metodları

Görmə sahəsi testləri, görmə itkisi və daralmaları müəyyən etmək məqsədilə aparılır. Qlaukoma taraması isə göz daxili təzyiqin ölçülməsi və görmə sahəsi testləri ilə bu xəstəliyin erkən mərhələlərinin müəyyən olunmasına imkan yaradır. Əsas görmə sahəsi testləri və qlaukoma skrininq üsulları bunlardır:

  • Görmə sahəsi testi
  • Perimetriya
  • Qısa perimetriya testi
  • Visual field (VF) testi
  • Humprey görmə sahəsi testi
  • Goldmann görmə sahəsi testi
  • Təsnif olunmuş görmə sahəsi testləri

Göz Xəstəliklərinin Müalicə Üsulları Nələrdir?

Göz xəstəlikləri müxtəlif səbəblərdən yaranır və müalicə üsulları xəstəliyin növünə görə fərqlənə bilər. Göz xəstəliklərinin müalicəsində geniş istifadə olunan yanaşmalar aşağıdakı kimidir:

  • Dərman müalicəsi
  • Cərrahi əməliyyatlar
  • Lazer müalicəsi
  • Eynək və ya kontakt linza istifadəsi
  • Fiziki terapiya və məşqlər
  • Pəhriz və əlavələr
  • Qoruyucu tədbirlər

Lazer Göz Cərrahiyyəsi (Excimer Lazer, LASIK və PRK)

Lazer göz cərrahiyyəsi, görmə qüsurlarını düzəltmək üçün effektiv müalicə metodudur. Excimer lazer texnologiyası, korneanın nazik qatlarını yenidən formalaşdıraraq miopiya, hipermetropiya və astiqmatizm kimi problemləri müalicə edir. LASIK və PRK lazer cərrahiyyəsinin ən məşhur növləridir. LASIK zamanı korneada nazik bir flap yaradılır və lazer tətbiq edilir; PRK isə birbaşa korneanın xarici qatını götürərək müalicəni təmin edir.

Gözdaxili Linzalar (Multifokal və Monofokal Linzalar)

Gözdaxili linza implantasiyası xüsusilə katarakta xəstələrində geniş tətbiq olunur. Monofokal linzalar yalnız bir məsafədə aydın görmə təmin edir və əsasən uzaq məsafə üçün istifadə edilir. Multifokal linzalar isə həm yaxın, həm də uzaq məsafələrdə kəskin görmə üçün dizayn edilmişdir və görmə keyfiyyətini artırır.

Dərman və Cərrahi Müalicənin Kombinasiyası

Bəzi hallarda dərman və cərrahi müalicənin birlikdə tətbiqi göz xəstəliklərinin müalicəsində daha effektiv nəticələr verir. Məsələn, göz infeksiyaları və ya yüksək göz təzyiqi zamanı cərrahi müdaxilə ilə dərman müalicəsinin birlikdə istifadəsi tövsiyə edilə bilər. Bu yanaşma müalicə prosesini sürətləndirə və sağalma şansını artırsa da, hər zaman fərdi ehtiyaclara uyğun şəkildə müəyyən edilməlidir.

Göz Sağlamlığını Qoruma Yolları Hansılardır?

Göz sağlamlığını qorumaq görmə qabiliyyətinin uzun müddət sağlam qalmasını təmin edir. Mütəmadi müayinə, sağlam vərdişlər və göz sağlamlığına mənfi təsir göstərə biləcək amillərdən qorunmaq vacib addımlardır. Göz sağlamlığını qorumaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur:

  • Göz müayinələri mütəmadi aparılmalı;
  • Uyğun işıqlandırma təmin edilməli;
  • Kompüter və telefon qarşısında keçirdiyiniz vaxt məhdudlaşdırılmalı;
  • UV şüalarından qorunmaq lazım;
  • Balanslı qidalanmaya diqqət yetirilməli;
  • Siqaret və spirtli içkilərin istehlakı məhdudlaşdırılmalı;
  • Kifayət qədər yuxu alınmalıdır.

Müntəzəm Göz Müayinələrinin Əhəmiyyəti

Müntəzəm göz müayinələri göz sağlamlığının qorunmasının əsas amillərindən biridir. Göz xəstəlikləri çox vaxt əlamətsiz inkişaf edir. Buna görə gözlərinizi mütəmadi yoxlatmaq potensial problemləri erkən mərhələdə aşkarlamağa kömək edir. Erkən diaqnoz müalicənin daha effektiv olmasına və görmə qabiliyyətinin itirilməsinə mane olmağa yardım edir. Əgər eynək və ya kontakt linza istifadə edirsinizsə, göz sağlamlığınızı izləmək və düzgün reseptlə gözlərinizin rahatlığını təmin etmək çox önəmlidir. Buna görə ildə ən azı bir dəfə göz müayinəsi mütləqdir və sağlam görmə üçün vacib addımdır.

Kontakt Linza İstifadəsində Diqqət Ediləcək Məqamlar

Kontakt linzaların göz sağlamlığına zərər verməməsi üçün bəzi vacib qaydalara əməl edilməlidir:

  • Kontakt linzalar müntəzəm və düzgün təmizlənməlidir
  • Linza taxma müddəti aşılmamalıdır
  • Gözlərin nəmləndirilməsinə diqqət yetirilməlidir
  • Linza istifadə edərkən makyajdan çəkinmək lazımdır.
  • Yuxuya gedərkən linza çıxarılmalıdır
  • Kontakt linzalar üçün düzgün reseptə sahib olmaq vacibdir

Göz Sağlamlığı Üçün Qidalanma və Həyat Tərzi Tövsiyələri

Göz sağlamlığını dəstəkləmək üçün balanslı qidalanma və sağlam həyat tərzi vacibdir. Tövsiyələr bunlardır:

  • A vitamini zəngin qidalar qəbul edilməli;
  • Omega-3 yağ turşuları istehlak edilməli;
  • Yaşıl yarpaqlı tərəvəzlər və meyvələr seçilməli;
  • Kifayət qədər su içilməli;
  • Mütəmadi fiziki məşqlər edilməli;
  • Gözləri qoruyan uyğun günəş eynəyi istifadə olunmalıdır.

Göz Xəstəlikləri ilə Bağlı Tez-tez Verilən Suallar

Göz Xəstəlikləri Nələrdir və Hansı Hallarda Ortaya Çıxır?

Göz xəstəlikləri görmə itkisiyə səbəb ola biləcək müxtəlif halları əhatə edir. Genetik amillər, yaşlanma, yaralanmalar və ətraf mühit faktorları bu xəstəliklərin yaranmasına səbəb ola bilər.

Katarakta Əməliyyatı Necə Aparılır?

Katarakta əməliyyatı bulanıqlaşmış büllurun çıxarılıb onun yerinə süni linzanın yerləşdirilməsi ilə edilir. Bu prosedur lokal anesteziya altında qısa müddətdə tamamlanır.

Qlaukomanın Erkən Əlamətləri Hansılardır?

Qlaukoma (göz təzyiqi), gözdaxili təzyiqin artması nəticəsində yaranan xəstəlikdir və adətən erkən mərhələdə simptom verə bilməz. Erkən əlamətlərə görmə sahəsində daralma və gecə görməsində çətinlik daxil ola bilər.

Lazer Göz Əməliyyatı Kimlərə Tətbiq Olunur?

Lazer göz əməliyyatı görmə qüsurları olan və göz quruluşu uyğun olan şəxslərə tətbiq olunur. Xəstənin yaşı 18-dən yuxarı olmalı və göz nömrəsi stabil vəziyyətdə olmalıdır.

Şəkərli Diabet Gözlərə Necə Təsir Edir?

Şəkərli Diabet göz damarlarında zədələnmələrə səbəb olaraq qalıcı görmə itkisinə yol aça bilər. Diabetik retinopatiya ən çox rastlanan göz ağırlaşmasıdır.

Çəpgözlük Hansı Metodlarla Müalicə Olunur?

Çəpgözlük eynək, prizmatik linzalar və ya cərrahi müdaxilə ilə müalicə edilə bilər. Müalicə üsulu çəpgözlüyün növünə və dərəcəsinə bağlıdır. Əgər vəziyyət ağırdırsa, cərrahi əməliyyatla müalicə mümkündür.

Makula Degenerasiyasının Qarşısı Alına Bilərmi?

Makula degenerasiyası tamamilə qarşısı alına bilməsə də, sağlam həyat tərzi və düzgün qidalanma ilə risklər azaldıla bilər. Antioksidantlar və omega-3 yağ turşuları xəstəliyin irəliləməsini yavaşlada bilər.

Uşaqlarda İlk Göz Müayinəsi Nə Zaman Aparılmalıdır?

Uşaqlara ilk göz müayinəsi təxminən 6 aylıq olanda edilməlidir. Erkən yaşda aparılan müayinələr mümkün görmə problemlərinin aşkarlanmasına kömək edir.

Buynuz Qişa Transplantasiyası Hansı Hallarda Edilir?

Buynuz qişa transplantasiyası buynuz qişada zədə və ya xəstəlik səbəbindən görmə itkisi olduqda tətbiq olunur. Buynuz qişa yaralanmaları, infeksiyalar və doğuşdan gələn anomaliyalar transplantasiya tələb edə bilər.

Göz Quruluğu Daimi Müalicə Oluna Bilərmi?

Göz quruluğu müalicə oluna bilər, amma daimi həll üçün həyat tərzi dəyişiklikləri və davamlı müalicə lazım ola bilər. Süni gözyaşı və dərman müalicəsi ilə simptomlar idarə oluna bilər.

Əlaqə

Əlaqə